sitename
Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur.
İmam Sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi!
Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.
ATANIN ZİNƏTİ
Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:
SƏMAVİ AD
Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
ANASI FATİMƏ İLƏ GÖRÜŞ
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.
Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.
İyirmi beş illik sükut və məzlumiyyət dövrü sona çatmışdır. Haqq və ədalətdən savayı fikri olmayan Əli (ə) camaatın təkidi ilə xilafət kürsüsünə əyləşib ümmətə rəhbərlik edirdi. Əlinin (ə) beş illik xilafəti Zeynəb üçün çox mühüm və maraqlı olmuşdur. Ədalətin bərqərar olduğu o dövrdə Əliyə müraciət edən, rəyasət və məqam eşqi ilə yanan dünyapərəstlərin çoxu onun qatı düşmənlərindən oldular. Onlar həzrət Əlinin (ə) buyurduğu bu ədalətli kəlamı eşitməyə qadir deyildilər: "And olsun Allaha! Osmanın haqsız olaraq müsəlmanların beytül-malından bağışladığı bütün hədiyyələri geri alacağam, hətta bu vəsaitlə izdivac etmiş və ya kəniz almış olsalar belə”.
Onlar gördülər ki, Əli (ə) yoxsulluq ucbatından beytül-mala göz dikən qardaşı Əqilin bədəninə isti dəmiri yaxınlaşdırdı və onun naləsi qarşısında buyurdu: "Vay olsun sənə, Əqil! İnsanın qızdırdığı adi dəmirdən nalə edirsən, amma məni qəhhar Allahın öz qəzəbi ilə odladığı atəşə çəkirsən. Sən bundan nalə etdiyin halda, mən Cəhənnəm odundan qorxmayım?”
Həzrətin beytul-maldan bir boyunbağı əmanət almış qızına «Əgər bu boyunbağını beytül-maldan əmanət şəklində almasaydın oğurluq üstündə əli kəsilən ilk Haşimi qadın olacaqdın» - deyə buyurması onların xam-xəyalını alt-üst edirdi.
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: "Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.
Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.
KARVANDA MƏSULİYYƏT
Zeynəb karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məsuliyyəti var. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir.
Zeynəb bütün çətinlik və müsibətlərdə özünü qardaşı Hüseynə şərik bilir. O, Zəhra yadigarıdır və elə bil, anasının əvəzinə Hüseyn və övladlarına gözlənilən müsibət və bəlalara hazır olur.
Doğrudan da onu Seyyidüş-şühəda hərəkatının ən böyük himayəçisi hesab etmək olar. O, bu işini imamla birgə və çiyin-çiyinə başlayıb iradə və təmkinliklə yerinə yetirirdi.
Tarixdə bəzi hərəkat, yol və səhnələrdə adının qeyd olunmasına baxmayaraq, cürətlə demək olar ki, Zeynəb onların hamısında fəal surətdə iştirak etmişdir. Karvanı idarə etməkdə onun imamla yaxın əlaqəsi, onunla fikri, ruhi və mənəvi əlaqəsi və öhdəsinə qoyulmuş böyük məsuliyyət bu həqiqətə əyani sübutdur.
O, Əhli-beyt və imam dostlarının qadın və uşaqlarının böyüyü idi. Tasua günü və ondan qabaqkı günlər baş verən hadisələr, imam Hüseyn (ə)-ın Zeynəblə söhbəti, onun bacısına Əhli-beyti himayə barəsində olan tövsiyələri açıq-aşkar onun karvanda olan məsuliyyətini göstərir.
Zeynəb imam Hüseyn (ə) sirlərinin məhrəmi və əmanətdarı idi, gərək qardaşının onun boynuna qoyduğu əmanət yükünü məqsədə çatdıraydı.
ZEYNƏBİN SÖZLƏRİNƏ BİR NEÇƏ İŞARƏ
Zeynəbin sözləri elə məntiqi və kəskin idi ki, heç kəsin onun qarşısında dayanmağa cürəti çatmadı. Zeynəbin sözlərinin qətiyyət və əhatəliyi Yezid kimi çirkin bir şəxsiyyətin bütün cəhətlərini göstərdi, Peyğəmbər və xanədanının böyüklük və kəramətini yada salıb, ilahi dəyərləri öz ziddlərindən ayırdı. Bu sözlərin mühüm məsələlərlə dolu olmasına baxmayaraq, burada o əbədi danışıqdan bir neçə mühüm məqama işarə edirik.
QARA QOVLUQ VƏ MURDARLIĞIN KÖKLƏRİ
Zeynəbin sözlərinin cəlbedici cəhətlərindən biri Yezidin qara qovluğunu və murdarlığın köklərini ifşa etməsidir.
Zeynəb Yezid xanədanının çirkinliklərini sayır və heç kəsin inkar etməyə qürdrəti çatmır. Ey Yezid, sən Hindin balasısan. Həmin qadın ki, Ühüd döyüşündə Allah Peyğəmbərinin şücaətli sərdarı Seyyidüş-şühəda Həmzənin ciyərini çeynəyib yerə atdı. Belə napak xanədandan Kərbəla faciəsindən başqa bir şey gözlənilmir.
Zeynəb başqa bir yerdə Yezidə «İbnit-tuləqa» "köləlikdən azad olunmuşların oğlu” – deyə xitab edirdi. Bu söz Məkkə şəhərinin fəthi və Qüreyş başçılarının azadlığına işarədir ki, uzun illər Peyğəmbərlə döyüşüb düşmənçilik etmişdilər. Peyğəmbər isə kəramətlə onları azad edib buyurdu:
«İzhəbu əntumut-tuləqa».
Yəni, "gedin siz hamınız azadsınız.” Bəli Yezid Peyğəmbərin azad etdiklərinin balasıdır ki, indi Peyğəmbərin xanədanını əsir edibdir. Zeynəb bu sözlə Yezidə anlatdı ki, həqiqi əsir sənsən. nə bizim əsirliyimiz zillətimizə sübutdur, nə də sənin qüdrətin qələbə və kəramətinin nişanəsidir.
Zeynəbin sözlərinin bu hissəsindən sonra onun islam tarixindən geniş və dəqiq məlumatlı olduğu görünür...


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))